“Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdamda görülən bərpa-quruculuq işləri
Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma prosesi uğurla davam etdirilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması və sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Həyatın yenidən canlandığı yaşayış yerlərindən biri Ağdamın Xıdırlı kəndidir. Burada 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan Prezidentləri tərəfindən təməli qoyulan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi 528 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Məktəb ikimərtəbəli olmaqla ümumi 2.7 hektar ərazidə yerləşir. Burada 21 sinif, 2 kompüter, 2 texnologiya, 2 informatika otağı, 3 fənn kabineti, laboratoriyaları, hərbi və məktəbə hazırlıq otaqları, həmçinin akt zalı, qapalı idman zalı və açıq idman meydançası və bufet mövcuddur. Məktəbin direktoru Mətanət Məmmədova 26 yaşında işğal səbəbilə doğma kəndini tərk etməli olub, 2025-ci ildə isə Xıdırlıya yenidən qayıdıb. "Böyük Qayıdış" Proqramı çərçivəsində Ağdamın Xıdırlı kəndinə qayıdan Cəfərovlar ailəsinin üzvü Asif Cəfərov 1993-cü il döyüşlərində elə məhz Xıdırlı kəndində itkin düşüb. Keçən 30 ilin hər günü, hər dəqiqəsi həm torpaq, həm də övlad həsrəti çəkən 78 yaşlı Sitarə nənə Xıdırlıya qayıdan ilk ailələrdən olduqları üçün özünü çox xoşbəxt hiss etdiyini deyir. Oğlu Aqil Cəfərovun Xıdırlı kəndindən çıxanda 19 yaşı olub, 52 yaşında isə öz doğma elinə qayıdıb. 2021-ci ilin 28 mayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkı Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" ilə birlikdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi aktivliyini artırmaq, Qarabağın sənaye potensialını inkişaf etdirmək, sahibkarlığı dəstəkləmək və buraya köçürüləcək əhalini dayanıqlı iş yerləri ilə təmin etmək üçün nəzərdə tutulub. Park ərazisindəki müəssisələrdən biri olan "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) texniki direktoru Ruslan Şıxəliyev müəssisədə Azərbaycanda ilk dəfə olaraq, elektromobillərin şarj cihazlarının istehsal olunduğunu bildirib. Qarabağ tarixinin ən böyük şahidi olan Ağdam İmarət Kompleksi ümumilikdə 3.3 hektar sahəni əhatə edir. Kompleksin ərazisində türbələr və tarixi qəbiristanlıq kimi müxtəlif əhəmiyyətli strukturlar mövcuddur. Ərazidəki atçılıq kompleksi isə məşhur Qarabağ atlarının təqdimatı üçün nəzərdə tutulub. Kompleksdəki xüsusi guşələrdə Cavanşirlər sülaləsinin tarixi ilə bağlı müxtəlif faktlar, Qarabağ xanlığı haqqında ümumi məlumatlar, həmçinin Xurşidbanu Natəvanın yaradıcı dünyasına həsr olunmuş audiovizual təqdimat da mövcuddur. Kompleksdə şöbə müdiri olaraq çalışan Aynurə Cəfərova kompleksə turistlərin maraq göstərdiyini, tarixi türbələrin qonaqların daha çox diqqətini çəkdiyini qeyd edib.
