Kateqoriyalar
Sırala
ID 0136021

Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələri

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salındığı və sakinlərin doğma yurdlarına qayıtdığı ərazilərdən biri də Xocavənd rayonunun Hadrut qəsəbəsidir. Hadrutun işğaldan azad edilməsi Vətən müharibəsinin taleyinə birbaşa təsir edən dönüş nöqtəsi idi. Qəsəbənin ilk sakinlərindən olan Gözəlovlar ailəsi Birinci Qarabağ müharibəsində torpağın müdafiəsinə qalxan minlərlə ailədən biri olub və həmin döyüşlərdə üç şəhid verib. Ailənin üzvü olan Ramilə Gözəlova Xocavənd rayonundan köçkün düşdüklərini və Bakıda bir müddət yataqxanada yaşadıqlarını deyir. Cəmi iki aydır Hadrutun yeni sakinlərinə çevrilən ailənin digər üzvü Orxan Gözəlov Xocavənddən çıxanda cəmi iki yaşının olduğunu bildirir. Gözəlovlar ailəsi Hadruta təkcə yaşamağa deyil, həm də yaratmağa, bu torpağın bərəkətinə bərəkət qatmağa gəliblər. Ona görədir ki, Orxan bəy və ömür-gün yoldaşı Hadrutda yeni bir çörək və şirniyyat evi açmaq istədiklərini deyirlər. Ailənin gəlini üçün də Hadrut qısa zamanda doğma yuvaya çevrilib. O da bu dağların sehrinə, suyunun şirinliyinə və havasına valeh olduğunu gizlətmir.

Digər fotolar
arrow-up