Kateqoriyalar
Sırala
ID 0136628

Həyatın yenidən canlandığı Ağdərə rayonu

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa işləri uğurla davam etdirilir. Doğma yurdlarına qayıdan sakinlərin məskunlaşdığı ərazilərdən biri də Ağdərə rayonudur. 1992-ci ilin 4 iyul tarixində rayon və ətraf kəndləri erməni silahlı birləşmələrinin işğalından azad edilsə də, təəssüf ki, cəbhədə əldə edilən bu cür mühüm qələbəni qoruyub saxlamaq mümkün olmamışdı.  Azərbaycan Ordusunun 2023-cü ilin 20 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə həmin ilin 5 dekabrında yenidən müstəqil rayon statusu alıb. Rayon ərazisində zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları mövcuddur. Məhz həmin yataqların yerləşdiyi ərazilərdən biri rayonun Aşağı Oratağ kəndidir. Yenicə doğma sakinlərinə qucaq açan kənddə canlanma hiss olunur. Yol boyunca evlərin bacasından çıxan tüstü, küçə-küçə, məhəllə-məhəllə toplaşan adamlar artıq kəndə həyatın qayıtmasının ən yaxşı nişanələridir. Hümbətovlar ailəsi Ağdərənin ilk sakinlərindəndir. Ailə Beyləqanın Bolsulu kəndində köçkün həyatlarını başa vurub, yenidən doğma torpaqlara qayıtmağın sevincini yaşayır. Ailə başçısı Teymur Hümbətov ata-baba yurdlarına qayıtdıqları üçün özünü çox xoşbəxt hiss etdiyini deyir. O bildirir ki, Ağdərədən çıxanda 14 yaşı vardı, indi isə ailəsi və iki oğlu ilə yenidən buradadır. Beyləqandakı şirkətlərin birində oğlu ilə birlikdə işlədiyini deyən Teymur bəy tezliklə Ağdərədə bütün infrastrukturun qurulacağı, burada işlə təmin olunacaqları günü gözlədiklərini deyir. Beş otaqlı evlə təmin olunduqlarını deyən evin xanımı Zeynəb Hümbətova isə doğma yurd-yuvalarından qaçqın düşdükləri günü xatırlayır. Həmin vaxt 12 yaşı olan Zeynəb xanım ailələrinin Birinci Qarabağ döyüşlərində üç şəhid verdiyini deyir. O, oğlunun antiterror əməliyyatlarında iştirak etdiyini, indi məhz onların qəhrəmanlıqları ilə azad olunan torpaqlarda yaşamaqdan qürur duyduğunu da bildirir. 

Digər fotolar
arrow-up