"Suqovuşan" və "Köndələnçay" su anbarları
İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildən etibarən aktiv mərhələyə keçib. Belə ki, həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını yeni mərhələyə yüksəldib. Bu il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrinin icrası məsələlərinə toxunub. Dövlət başçısı qeyd edib ki, vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. O, Ermənistanın su terroru həyata keçirdiyini, bu gün isə "Suqovuşan", "Sərsəng" su anbarlarının tamamilə yenidən qurulduğunu bildirib. Prezident onu da əlavə edib ki, azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda Köndələnçay üzərində üç, eləcə də, Ağdam rayonunda "Xaçınçay" su anbarları yenidən qurulub.
