"Qarabağ"ın "Nyukasl" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda baş tutacaq "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçından öncə "Qarabağ" futbol klubunun mətbuat konfransı keçirilir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov bildirib ki, "Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasındakı növbəti matça məsuliyyətli yanaşırlar. Onun sözlərinə görə, oyuna hazırlaşmaq üçün az vaxtları olsa da, özlərinin ən yaxşı oyunlarından birini göstərmək üçün çalışacaqlar. "Qarabağ"ın futbolçusu Kamilo Duran isə qeyd edib ki, onlar "Nyukasl"la matçda azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər. O, İngiltərə təmsilçilərinin sürətli oynadıqlarını, komandasını tarixi və çətin oyun gözlədiyini söyləyib. Görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
