Kateqoriyalar
Sırala
ID 0138517

Nizami Əbdilovun yaddaşına həkk olunan Xocalı faciəsi

Xocalı şahidi Nizami Əbdilov üçün 1992-ci ilin 26 fevral günü sadəcə bir tarix deyil, ömrünün ən uzun gecəsidir. O gecədən bir neçə gün əvvəl həyat yoldaşı Məxpurə Əliyeva və uşaqları Xocalını tərk ediblər. Özü isə şəhərdə olub. Çətinliklə də olsa, o gecəni xatırlayaraq deyir ki, onlara şəhəri təcili tərk etmələri ilə bağlı xəbərdarlıq edilmişdi. Beləcə, Nizami Əbdilov qardaşı və digər sakinlərlə birlikdə Qarqar çayına doğru yola düşüblər. Onun sözlərinə görə, qarlı qış gecəsində çayı keçmək üçün suya girsələr də, geri çəkilərək meşəyə sığınıblar. Üç gün qarlı meşədə qaldıqları zaman gözlərinin önündə qohum-qonşudan xeyli insan gülləyə tuş gəlib, əsir götürülən qadınlar olub. Xatırlayır ki, qonşu qadının uşağı ağladığı üçün ermənilər gəlib onu aparıb, uşaq isə qaçanların arasına qarışaraq yola davam edib. Həmin qarışıqlıqda qardaşı ilə də ayrı düşüb. Üç günlük yolun sonunda Ağdamın Şelli kəndinə çatanda qardaşını sağ-salamat görüb. “Bəlkə də bəxtimiz gətirdi, biz sağ qaldıq,” – deyir. Onun sözlərinə görə, yol boyu dəfələrlə erməni silahlı birləşmələri ilə üz-üzə gəlib, hər an ölümlə qarşı-qarşıya qalıblar. Nizami Əbdilov bildirir ki, Ağdama çatana qədər Xocalıda baş verən faciənin nə qədər dəhşətli olduğunu tam dərk etməyib. Oraya çatanda isə hər tərəfdə yaralıları, meyitləri, yaxınları üçün fəryad edən insanları görüb. Elə orada hiss edib ki, ayaqları şaxtadan donub, hərəkət etməkdə çətinlik çəkir. Onu Ağdamdan Bərdəyə, daha sonra isə Bakıya, xəstəxanaya göndəriblər. Ayaqlarının kəsilmə riski olsa da, bir hərbi həkimin müdaxiləsi ilə xilas edilib. O deyir ki, Bakıda ona kömək edənləri bu gün də unuda bilmir. Həmin ilin martında ailə Pirşağı qəsəbəsində Xocalı sakinləri üçün ayrılmış sanatoriyaya yerləşdirilib və artıq 34 ildir burada yaşayırlar. Söhbətə qoşulan Məxpurə Əliyeva atasının taleyindən hələ də bixəbər olduqlarını deyir. Onun sözlərinə görə, atası həmin gecə həlak olub, lakin meyiti tapılmayıb. “Kaş heç olmasa bir məzarı olaydı,” – deyə köks ötürür. Ailə həmçinin Nizami Əbdilovun atasını və böyük qardaşını itirib, digər qardaşı və həyat yoldaşı girov götürülüb. Məxpurə xanımın qardaşı da həmin faciədə həlak olub. İtkinlərin ağrısı isə illər keçsə də, səngiməyib. Nizami Əbdilov Xocalıda öz əlləri ilə tikdiyi iki mərtəbəli ev üçün darıxdığını deyir. Əkin-biçinlə məşğul olduqları həyətin indi dağıdılmış vəziyyətdə olduğunu görmək onu sarsıtsa da, torpaqların işğaldan azad edildiyi xəbərini eşidəndə böyük sevinc yaşayıb. Bu gün isə o və həyat yoldaşı bir arzu ətrafında birləşiblər: qalan ömürlərini doğma torpaqda keçirmək. Nizami Əbdilov inanır ki, bir vaxtlar öz əlləri ilə əkib-becərdiyi torpaqlar yenə onu qəbul edəcək. Deyir, Xocalı ilə bağlı ürəyindəki ümid heç zaman sönməyib, elə bu zamana qədər onu yaşadan da həmin ümiddir.

Digər fotolar
arrow-up