Dörd övladı ilə əsir düşən Xocalı şahidi Mehriban Bəkirova
1992-ci ilin 26 fevral gecəsi Mehriban Bəkirovanın yaddaşına sağalmaz yara kimi həkk olunub. Onun sözlərinə görə, Xocalı bir müddət öncə artıq mühasirədə idi və sakinlər zirzəmilərdə gizlənirdilər. Həyat yoldaşı Abdulla Həmzəyev aeroportda polis kimi xidmət edir, hadisələr baş verdiyi zaman da oranın müdafiəsi üçün döyüşürdü. Mehriban Bəkirova deyir ki, faciədən üç gün öncə gizləndikləri zirzəmidə qızını dünyaya gətirib. Fevralın 25-dən 26-na keçən gecə hücum başlayanda zirzəmidə əsasən qadınlar, uşaqlar və yaşlılar olub. Onlar ağ bayraq qaldırsalar da, atəş açılıb və qranat partlayışı nəticəsində oğlu yaralanıb. Qısa müddət sonra erməni silahlıları tərəfindən əsir götürülərək Xankəndiyə aparılıblar. Onun sözlərinə görə, həmin gün avtomatın qundağı ilə qulağına güclü zərbə endirildiyi üçün hələ də qulağı eşitmir. Üç günlük körpəsinin qarın üzərinə düşdüyünü isə maşına mindirilərkən hiss edib. Körpəni bir gün sonra "Novaya qazeta" nəşrinin Qarabağ müharibəsini izləmək üçün bölgəyə ezam edilən rusiyalı jurnalisti Viktoriya İvleva taparaq ona qaytarıb. Xocalı şahidi bildirir ki, həyat yoldaşı fevralın 26-da Ağdamda snayperlə başından vurulub. Dörd övladı ilə tək qalan qadın çətinliklə də olsa, əvvəlcə Ağdama, daha sonra isə Goranboya gedib. Mehriban Bəkirova deyir ki, faciədən 3 gün əvvəl doğulan qızı Günay 2011-ci ildə 21 yaşında epilepsiya xəstəliyindən vəfat edib. Həkimlərin dediyinə görə, uzun müddət qarın üzərində qaldığı üçün bu xəstəliyə tutulub. Onların əsirlikdən xilas olmalarında isə Viktoriya İvlevanın böyük rolu olub. Rusiyalı jurnalist onları 2011-ci ildə Goranboyda yenidən taparaq müsahibə alıb və yazı "Novaya qazeta"da nəşr olunub. Bu gün Goranboy rayonunun Ağcakənd kəndində yaşayan Mehriban Bəkirovanın faciəli taleyi 2015-ci ildə Litvalı rejissor Aleksandras Brokasın "Sonsuz dəhliz" sənədli filmində ətraflı təsvir edilib. Bu film çoxsaylı beynəlxalq mükafatlar alıb, eyni zamanda Azərbaycan telekanallarında da yayımlanıb.
