Kateqoriyalar
Sırala
ID 0138633

Xocalı faciəsi zamanı doqquz gün meşədə qalan Salman Abbasov və Bəsti Abbasova

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şahidi Salman Abbasovun taleyini həmişəlik dəyişib. Onun sözlərinə görə, Xocalıda atəş səsləri aylardır davam edirdi, lakin həmin gecə eşidilən partlayışlar əvvəlkilərə bənzəmirdi. Həmin gecəyə qədər evin həyətində qazdırdığı sığınacaqda gizlənsələr də, mühasirəyə alındıqlarını biləndə şəhəri tərk ediblər. Qarqar çayının buz kimi suyundan keçib Kətik meşəsinin qaranlığına sığınan ailə üçün bu yol ölüm-dirim mübarizəsinə çevrilib. Xocalı şahidi o dəhşətli gecəni xatırlayaraq söyləyir ki, düşünmədən özlərini Qarqar çayına atıb meşəyə çıxıblar. Meşəyə çatanda ayaqları yalın, paltarları islanmış halda olub. Qarın üzərində qalan meyitlər, fəryad səsləri, itkin düşən yaxınları onun yaddaşına silinməz iz buraxıb. Salman Abbasovun sözlərinə görə, həmin gecə həyat yoldaşı, üç qızı, gəlini və bacısı onunla birlikdə olub, iki oğlu isə meşədə onlardan ayrı düşüb. Hər tərəfdən mühasirədə olduqları üçün Ağdama getmək mümkün olmayıb və doqquz gün meşədə qalıblar. Əsgəranın Pircamal kəndinə yaxınlaşanda qızının qışqırıq səsinə gələn erməni silahlıları onları mühasirəyə alaraq 25 nəfəri gülləyiblər. Aralarında Salman Abbasovun bacısı və səkkiz aylıq hamilə olan gəlini də olub. O isə həyat yoldaşı və üç qızı ilə birlikdə əsir götürülüb. Əsir götürülərkən erməni silahlılarına cibində olan səkkiz yüz manat pulu təklif edib ki, qadın və uşaqları azad etsinlər. Onlar isə kiminsə azad olunduğundan xəbər tutulsa, onların özlərini güllələyəcəklərini deyiblər. Xocalı şahidi əsirlikdə keçən zamanı həyatının ən ağır günləri olaraq adlandırır. Pircamalda inək tövləsində saxlanılarkən müxtəlif işgəncələrə məruz qalıb: kəlpətinlə qızıl dişləri çıxarılıb, üç qabırğası sınanadək döyülüb, silahın qundağı ilə boğazına vurulub. Yeddi gün sonra Əsgəranda yerləşən milis bölməsinə aparılaraq orada da işgəncələrə məruz qalıb. Daha sonra ona azad ediləcəyi xəbəri verilib və bölmədən çıxarılıb. Onun sözlərinə görə, bir müddət huşunu itirib və gözlərini xəstəxanada açanda oğlunu görüb. Sonradan ailə üzvlərindən öyrənib ki, əsirlər dəyişdirilərkən həyat yoldaşı Bəsti xanım Milli Qəhrəman Allahverdi Bağırova onun adını verib və deyib ki, əgər ərini əsirlikdən qurtara bilmirlərsə, özü də onun yanına getmək istəyir. Beləcə Allahverdi Bağırov Salman Abbasovun adını öyrənərək onu əsirlikdən qurtarıb. Xilas olunduqdan sonra onun, Bəsti xanımın və qızlarının ayaqları soyuqdan donduğu üçün pəncədən aşağı amputasiya edilib. Hazırda Goranboy rayonunun Ağcakənd kəndində yaşayan ailə səbirsizliklə Xocalıya qayıdacağı günü gözləyir. 86 yaşlı Salman Abbasovun ən böyük arzusu dağıdılmış evinin yerində yenidən bir ocaq qurmaq və ömrünün qalan hissəsini ailəsi ilə birgə doğma torpaqda başa vurmaqdır.

Digər fotolar
arrow-up