Kateqoriyalar
Sırala
ID 0139400

Azərbaycan Dövlət Dəniz Akademiyasında təlim və tədris prosesi

Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Azərbaycan Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaradılması bu sahənin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996-cı il tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb. Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün səviyyələrində (bakalavriat, magistratura, doktorantura) müasir standartlara cavab verən yüksək səviyyəli tədris prosesi təşkil olunub. Gəmiçiliyin donanması yeni və müasir gəmilərlə zənginləşdikcə, Akademiyanın tədris prosesi də müasir trenajorlarla təmin olunur və laboratoriya şəbəkəsi davamlı şəkildə genişləndirilir. Konvensiya üzrə ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktiki məşğələlərinin keçirilməsi, eləcə də istehsalat təcrübələrinin təşkilində istifadə olunan Tədris gəmisi müasir tədris prosesinin mühüm elementlərindən biridir. Akademiya tələbələri burada həm nəzəri biliklərə, həm də praktik peşə bacarıqlarına yiyələnərək gələcəkdə ölkənin dənizçilik sahəsinin inkişafına töhfə verən mütəxəssislər kimi formalaşırlar. Burada dənizçilik sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, dənizçilərin ixtisasartırma və yenidən hazırlanması da həyata keçirilir. Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi vasitəsilə gəmi heyətlərinin və dəniz obyektlərində çalışan mütəxəssislərin hazırlığı təmin edilir. 

Digər fotolar
arrow-up