Kateqoriyalar
Sırala
ID 0139598

Dörd əsrdən çox yaşı olan Çökək hamam

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır. 1606-cı ildə şəhərdə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin Məhəmməd Amil məscidin yaxınlığında hamamın tikintisinə başlayıb. I Şah Abbasın əmri ilə tikildiyi üçün bu hamama el arasında "Şah Abbas hamamı" da deyirlər. Adı bir çox mənbələrdə "Məscid hamamı" olaraq da keçən tikili sonralar oranı işlədən şəxsin adı ilə "Hacı Ələkbər hamamı" kimi də tanınıb. Binanın "Çökək hamam" adlandırılması texniki quruluşundan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Tikilinin altındakı zirzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsilə hamamın altının və divarlarının qızdırılması təmin edilirdi. Digər tərəfdən isti su da kirəmit borularla divarın içərisindən dolanma yollarla istifadə nöqtəsinə çatdırılırdı. Yerli əhəmiyyətli bu memarlıq abidəsi tarixi orijinallığı qorunaraq 2013-cü ildə restavrasiya olunub.

Teqlər
Digər fotolar
arrow-up