Kateqoriyalar
Sırala
ID 0140527

"BakuBus" MMC-nin istifadəyə verdiyi "Albalılıq elektrik avtobus deposu"

"BakuBus" MMC-nin istifadəyə verdiyi Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən "Albalılıq elektrik avtobus deposu" 4,3 hektar ərazini əhatə edir. Avtobus parkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkın ərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd "BYD" markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək. Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerji doldurma cihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz edilib. Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədilə yaradılan müasir yuma məntəqəsi eyni vaxtda 2 avtobusa xidmət göstərir və proses 4 dəqiqə ərzində tamamlanır. Kompleksdə ekoloji tələblərə xüsusi diqqət yetirilir, istifadə olunan suyun 85 faizi təmizlənərək təkrar dövriyyəyə qaytarılır. Təmir mərkəzində texniki xidmətin operativ təşkili məqsədilə yağlama və çilingər işləri üçün 8, qəza təmiri və boyama işləri üçün isə 7 boks fəaliyyət göstərir. Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamanda ölkənin iqtisadi və sosial inkişafına da mühüm töhfə verir. Layihə çərçivəsində 365 sürücü, 78 nəfər inzibati və texniki heyət olmaqla ümumilikdə 443 nəfər daimi işlə təmin edilir.

Digər fotolar
arrow-up