Kateqoriyalar
Sırala
ID 0140685

Quba Soyqırımı Memorial Kompleksi

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qətliamlar törədib. Rəsmi mənbələrə görə, soyqırımı nəticəsində 12 minə yaxın insan öldürülüb, on minlərlə şəxs itkin düşüb. Son illərdə Qubada aparılan arxeoloji tədqiqatlar bu hadisələri təsdiqləyən faktları üzə çıxarıb. Qazıntılar zamanı insan sümükləri ilə dolu iki quyu və iki arx aşkar edilib. 2008-ci ilin sentyabrında tədqiqatlar yekunlaşıb və məzarlığın 1918-ci il hadisələri ilə bağlı olduğu müəyyən edilib. Bu faciənin xatirəsini əbədiləşdirmək məqsədilə 30 dekabr 2009-cu ildə İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində inşa edilən kompleks 2013-cü il sentyabrın 18-də istifadəyə verilib. Ümumi sahəsi 3,5 hektar olan kompleks xatirə abidəsi, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzindən ibarətdir. Burada XX əsrin əvvəllərinə aid foto və materiallar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı məlumatlar təqdim olunur. Sensor ekranlı xəritə vasitəsilə isə ölkənin müxtəlif bölgələrində baş vermiş hadisələr haqqında məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bu məqsədlə imzaladığı sərəncamların nümayiş olunduğu guşə də yaradılıb. Bundan əlavə, kompleksdə Paris Sülh Konfransında iştirakla bağlı materiallar, həmçinin Qafqaz İslam Ordusu və Azərbaycan hərbçilərinə aid foto və sənədlər də yer alır.

Digər fotolar
arrow-up