Kateqoriyalar
Sırala
ID 0141455

Rənglərin dili ilə danışan rəssam Mir Azər Abdullayev

Rəssam Mir Azər Abdullayev 1971-ci ildə Bakıda anadan olub və onun yaradıcılığa marağı uşaqlıq illərindən formalaşıb. Bu maraq zamanla peşəkarlığa çevrilib və onu sənət dünyasında tanınan simalardan biri edib. İlk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alan Mir Azər Abdullayev 1991–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. Hər iki təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub. Bu gün o, artıq 15 ildən çoxdur ki, həmin universitetdə müəllim kimi fəaliyyət göstərir. Gənc rəssamlarla daim ünsiyyətdə olan sənətkar tələbələrinə hər zaman öz üzərilərində işləməyi, çətinliklər qarşısında ruhdan düşməməyi tövsiyə edir. Rəssamın yaradıcılığında emalatxanası xüsusi yer tutur. İllərdir əsərlərini ərsəyə gətirdiyi bu məkan onun üçün ən doğma yerlərdən biridir. Müxtəlif texnikalarda əsərlər yaratsa da, o, daha çox yağlı boya ilə işləməyə üstünlük verir. Rəssamın əsərləri yalnız yerli sərgilərlə məhdudlaşmır, o, mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edir. Onun əsərləri Nyu-York, Kopenhagen, Düsseldorf, Paris, Melbrun, Ankara və Təbriz kimi şəhərlərdə şəxsi kolleksiyalarda qorunur və müxtəlif kataloqlarda yer alır. Rənglərin dili ilə danışan sənətkar üçün yaradıcılıq həm daxili aləmin ifadəsi, həm də insanlara ötürülən hissdir. Mir Azər Abdullayev bu hissləri illərdir əsərlərində yaşadır və hər yeni əsəri ilə sənətə yeni bir nəfəs gətirir.

Digər fotolar
arrow-up