Kateqoriyalar
Sırala
ID 0141538

Süeda Atlar - Milli Aviasiya Akademiyasının III kurs tələbəsi

12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarinin ilk dəfə insanlı kosmik uçuş həyata keçirməsi münasibətilə təsis edilib. Bu tarix insanlığın kosmosun fəthinə atdığı ilk real addım kimi tarixə düşüb. Həmin gündən etibarən 12 aprel dünyada aviasiya və kosmonavtika sahəsində əldə olunan nailiyyətlərin qeyd olunduğu əlamətdar gün kimi keçirilir. Bu gün, eyni zamanda səmanı peşə seçən, aviasiya sahəsinə könül verən gənclərin də bayramı hesab olunur. Azərbaycanda bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayan ali təhsil ocağı olan Milli Aviasiya Akademiyasında tələbələr həm nəzəri biliklərə yiyələnir, həm də praktiki bacarıqlar qazanaraq gələcəyin pilotları kimi yetişirlər. Akademiyanın "Uçuş mühəndisliyi" (Pilot) ixtisasının Türkiyədən olan III kurs tələbəsi Süeda Atlar müxtəlif ölkələrdə təhsil imkanlarını araşdırdıqdan sonra seçim edib. Onun fikrincə, Milli Aviasiya Akademiyasında həm pilot, həm də uçuş mühəndisi kimi yetişmək imkanı böyük üstünlükdür. O qeyd edir ki, burada tələbələr təkcə təyyarəni idarə etməyi deyil, onun mexanizmini də dərindən öyrənirlər. Təhsil prosesinin kifayət qədər ciddi və çətin olduğunu deyən Süeda bu sahəyə marağının uşaqlıqdan yarandığını və zamanla məqsədə çevrildiyini vurğulayır. Gələcək planları arasında "Azərbaycan Hava Yolları"nda pilot kimi çalışmaq da var. O, Dünya Aviasiya və Kosmonavtika Gününü bu sahədə çalışan insanların zəhmətinə verilən dəyər kimi qiymətləndirir.

Digər fotolar
arrow-up