WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: Plan nədir?" adlı panel müzakirəsi
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil böhranı: Plan nədir?" adlı panel müzakirəsi keçirilib. Tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, UN-Habitat-ın 2026-2029-cu illər üçün yeni strateji planı qlobal mənzil böhranı ətrafında qurulacaq. Onun sözlərinə görə, mövcud mənzil sistemləri hər kəs üçün işləmir, yaranmaqda olan yeni sistemlərin isə gücləndirilməsinə və sabitləşdirilməsinə ehtiyac var. O qeyd edib ki, WUF13 dünyada mənzil böhranının həlli üçün cavabları və yanaşmaları birləşdirməyə imkan verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva isə bildirib ki, mənzil böhranının həllində qarışıq maliyyələşdirmə, inkişaf banklarının daha güclü iştirakı və beynəlxalq maliyyə institutlarının kirayə mənzil təminatına dəstəyi mühüm rol oynayır.
