Kateqoriyalar
Sırala
ID 0145358

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi ölkənin aparıcı mədəniyyət ocaqlarından biridir. “Rəngkarlıq”, “Qrafika”, “Heykəltaraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” adlı altı kolleksiyadan ibarət muzey fondunda 18 mindən çox eksponat mühafizə edilir. Burada Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə aid rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət əsərləri mühafizə olunur, həmçinin Qərbi Avropa, rus və Şərq ölkələri incəsənəti təqdim edilir. Muzey rus avanqardı və XVI-XX əsrlərə aid Qərbi Avropa rəssamlığının maraqlı kolleksiyasına malikdir. Azərbaycan Milli İncəsənət Muzeyinin iki unikal memarlıq həllinə malik tarixi binaları 2013-cü ildə müasir üslubda inşa edilmiş şüşə-polad konstruksiyalı keçid vasitəsilə birləşdirilib. Yeni mərkəzi korpusda müasir incəsənət sərgiləri keçirilir. 2011-ci ildə Dövlət İncəsənət Muzeyinə “Milli” statusu verilib. Həmin ildə muzey Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) qərarı ilə beynəlxalq standart və kriteriyalara cavab verən, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusuna layiq görülüb. Muzeyə ötən illər ərzində Azərbaycanın Xalq rəssamları Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov, Çingiz Fərzəliyev və digər tanınmış sənət xadimləri rəhbərlik edib. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova fəaliyyət göstərir.

Digər fotolar
arrow-up