Kateqoriyalar
Sırala
ID 0145603

Dünya Rəssamlıq Akademiyasının üzvü Səmədağa Cəfərov

Səmədağa Cəfərov Azərbaycan təsviri sənətində özünəməxsus yaradıcılıq üslubu ilə seçilən rəssamlardandır. O, 1946-cı ildə Mərdəkan qəsəbəsində anadan olub. Uşaqlıq illərindən rəssamlığa böyük maraq göstərən Səmədağa Cəfərov bu sahədə ilk peşəkar təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb. 1973–1978-ci illərdə isə Sankt-Peterburqda V.İ.Muxina adına Ali Rəssamlıq Məktəbində keramika və şüşə rəssamı ixtisası üzrə təhsilini davam etdirib. 1979-cu ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunan sənətkar sonralar Azərbaycan Rəssamlar İttifaqının da üzvü seçilib. Yaradıcılığı boyu bir sıra görkəmli şəxsiyyətlərin ev-muzeylərinin - Şamaxıda Mirzə Ələkbər Sabirin, Bakıda Cəfər Cabbarlının və Naxçıvanda Hüseyn Cavidin ev-muzeylərinin bədii tərtibatında iştirak edib. Bununla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan və Cəlilabad tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarının hazırlanmasına da mühüm töhfələr verib. Səmədağa Cəfərovun yaradıcılığı Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq miqyasda da tanınıb. Onun Türkiyə, Almaniya, Danimarka və Avstriyada fərdi sərgiləri təşkil olunub, əsərləri dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyalarda qorunub saxlanılır. Sənətkarın zəngin yaradıcılığı Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm yer tutur.

Digər fotolar
arrow-up