Kateqoriyalar
Sırala
ID 0146000

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısının ikinci günü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb. SOCAR-dan verilən məlumatda bildirilib ki, sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə maliyyələşdirmə imkanlarının birgə araşdırılmasını nəzərdə tutur. Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və qiymətləndirəcəklər. Bu çərçivədə ICD tərəfindən layihələrin xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək. SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Anlaşma Memorandumu tərəflər arasında enerji layihələri üzrə gələcək əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır: "Sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə həyata keçirilə biləcək layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır". ICD-nin icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Xalid Xələfalla isə qeyd edib ki, SOCAR ilə yeni tərəfdaşlıq ICD-nin üzv ölkələrə özəl kapitalın yönləndirilməsi məqsədi daşıyan strategiyasının həyata keçirilməsi baxımından mühüm addımdır: "SOCAR-ın enerji sahəsindəki təcrübəsini ICD-nin şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf prioritetlərinə tam uyğundur".

Digər fotolar
icon
arrow-up