Kateqoriyalar
Sırala
ID 0146794

Heyvan sümükləri üzərində oyma və bədii işləmə sənəti ilə məşğul olan Nicat Şükürov

34 yaşlı Nicat Şükürov Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirsə də, sənətə olan marağı onu tamamilə fərqli bir yaradıcılıq yoluna gətirib çıxarıb. Onun heyvan sümükləri üzərində oyma və bədii işləmə sənətinə marağı təsadüfən izlədiyi filmdən sonra yaranıb. Bu maraq nəticəsində o, buffalo başları və buynuzlar üzərində sənət nümunələri yaratmağa başlayıb. 2018-ci ildən etibarən öz əl işlərini yaradan Nicat Şükürov 2020-ci ildə İkinci Qarabağ müharibəsinə yollanıb. Müharibədən sonra isə bu sənətlə daha peşəkar şəkildə məşğul olmağa başlayıb. Onun yaratdığı hər bir əsər müəyyən ideyaya və mövzuya əsaslanır. Buffalo başları üzərində işlədiyi kompozisiyalarda geometrik naxışlar, dini motivlər, təbiət təsvirləri və müxtəlif bədii elementlər yer alır. Bundan əlavə, o, xüsusilə maral buynuzları olmaqla müxtəlif buynuzlar üzərində də əl işləri hazırlayır. Sifarişlərə uyğun fərdi eskizlər hazırlanır və hər əsər özünəməxsus üslubda ərsəyə gəlir. Bir əl işinin hazırlanması orta hesabla 10-15 gün çəkir. Lakin bu müddətə sümüyün ilkin hazırlanma prosesi daxil deyil. İşin ilk mərhələsində sümük ətdən tamamilə təmizlənir. Daha sonra üzərinə eskiz çəkilir, xüsusi təmizləyici vasitələrlə yuyulur və səthdə qalan ən xırda ət qalıqları belə diqqətlə təmizlənir. Yalnız bundan sonra oyma və bədii işləmə mərhələsinə başlanılır. Səbir və dəqiqlik tələb edən bu sənət nümunələri həm dekorativ əşya, həm də müəllifin ideyalarını əks etdirən bənzərsiz incəsənət əsərləri kimi diqqət çəkir.

Teqlər
Digər fotolar
arrow-up