Vl "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi
VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib. Yarımfinal mərhələsində iştirak hüququ qazanan 331 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər. Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir. Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar əsasında iştirakçıların bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılıblar. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən "Qiymətləndirmə konfransı" -"Assessment Conference" metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır. Yarımfinal mərhələsi iyulun 5-də başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 17-19 iyul tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.
