Güləş üzrə U-17 dünya çempionatının üçüncü günü
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının üçüncü yarış gününə start verilib. Bu gün qadın güləşçilər mübarizəyə qoşulublar. Azərbaycan millisinin dörd üzvü xalça üzərinə çıxıb. Qadınlardan 57 kq çəki dərəcəsində çıxış edən Qaratel Quliyeva təsnifat mərhələsində İsveçrə təmsilçisi Delya Qislerlə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 43 kq çəki dərəcəsində Vəfa Orucova 1/8 final mərhələsində Rumıniya təmsilçisi Valia Harsanla üz-üzə gəlib. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Nəzrin Əhmədli 1/8 finalda Almaniya idmançısı Madina Bayramova ilə qarşılaşıb. Görüş almaniyalı güləşçinin qələbəsi ilə başa çatıb. 65 kq çəki dərəcəsində isə Rəna Nuriyeva təsnifat mərhələsində Meksika təmsilçisi Silviya Espinoza Munislə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib 8:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
