Güləş üzrə U-17 dünya çempionatının dördüncü günü
Bakıda keçirilən U-17 dünya güləş çempionatında qadın güləşçilərin mübarizəsi Azərbaycan millisi üçün uğursuz başa çatıb. Yarışın dördüncü günündə xalçaya çıxan beş idmançımızdan heç biri yarımfinala yüksələ bilməyib. 53 kq çəki dərəcəsində çıxış edən Fatimə Bayramova uğurlu start verərək israilli Sela Rozovu və moldovalı Ruslana Karapetiantı hər iki görüşdə 11:0 hesabı ilə məğlub edib. Lakin o, 1/4 finalda ABŞ təmsilçisi Marli Solomona 1:8 hesabı ilə uduzub. Digər təmsilçilərdən Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Aruzhan Bakitnuraya 2:11, Simurə Abdullayeva (69 kq) isə qırğızıstanlı Milana Ulanovaya 6:10 hesabı ilə məğlub olub. Gülxanım Şirinova (40 kq) 1/4 finalda tunisli Tasmin Atimniyə 4:6, Nuray Cəfərli (46 kq) isə macarıstanlı Vivyen Sentpalaya 8:10 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar. Qeyd edək ki, Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycan 29 güləşçi ilə təmsil olunur.
