Ceyhun Bayramov və ATƏT sədri İqnasio Kassisin birgə mətbuat konfransı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis arasında Bakıda keçirilən görüşdə ikitərəfli münasibətlər, Azərbaycan-ATƏT əməkdaşlığı, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Ceyhun Bayramov bildirib ki, tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb, həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Onun sözlərinə görə, Azərbaycan və İsveçrə arasında 25 hüquqi sənəd qüvvədədir, yeni razılaşmalar isə hazırlanır. Nazir qeyd edib ki, son 30 ildə İsveçrədən Azərbaycana 1,6 milyard, Azərbaycandan isə İsveçrəyə 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib, onlardan 87-si aktiv fəaliyyət göstərir. Nazir ATƏT məkanında mövcud qeyri-sabit şəraitdə təşkilat daxilində əməkdaşlığın vacibliyini vurğulayaraq, Azərbaycanın bu prinsiplərə sadiq qaldığını bildirib. O, İsveçrənin ATƏT sədrliyinin enerji və rəqəmsal təhlükəsizlik kimi prioritetlərini dəstəklədiyini deyib. Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Ceyhun Bayramov bildirib ki, tərəflər arasında de-fakto sülh mövcuddur və əldə olunan irəliləyişlər birbaşa ikitərəfli danışıqlar nəticəsində mümkün olub. O vurğulayıb ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Nazir həmçinin Vaşinqton sülh sammitində sənədə daxil edilmiş TRİPP layihəsinin region üçün strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, 2026-cı ildə layihə çərçivəsində 42 kilometrlik hissədə fiziki işlərə başlanması gözlənilir. Bayramov əlavə edib ki, son bir ildə Azərbaycandan Ermənistan ərazisinə 60 min ton yük, o cümlədən 20 min ton neft məhsulu daşınıb və gələcəkdə ticarət dövriyyəsinin daha da genişlənməsi mümkündür. İqnasio Kassis isə bildirib ki, İsveçrə Azərbaycanla uzun illərə söykənən etimada əsaslanan münasibətlərə malikdir və iqtisadi şaxələndirmə, logistika, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial görür. ATƏT sədri İsveçrənin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini vurğulayaraq, tərəfləri sülh sazişinin imzalanması istiqamətində səyləri davam etdirməyə çağırıb. O, həmçinin Azərbaycanın Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm geosiyasi və nəqliyyat qovşağı rolunu xüsusi qeyd edib.
