Kateqoriyalar
Sırala
ID 0148721

Bakının Hövsan çimərliyi

İsti yay günlərində sərin dəniz havası və dalğaların səsi şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin diqqətini sahillərə yönəldir. Günəşin qızmar şüaları altında dənizin sərinliyinə üz tutan Bakı sakinləri üçün Hövsan çimərliyi istirahət məkanlarından birinə çevrilir. Suraxanı rayonunun Hövsan qəsəbəsində təxminən 5 hektar ərazini əhatə edən nümunəvi ictimai çimərlik fəaliyyət göstərir. Çimərlik Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb və ərazidən istifadə ödənişsizdir. Çimərlik sakinlərin rahat və təhlükəsiz istirahəti üçün zəruri infrastrukturlarla təmin olunub. Ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar və zibil konteynerləri yerləşir. Həmçinin müxtəlif yaş qrupları üçün oyun meydançaları yaradılıb. Çimərlikdə əlilliyi olan şəxslərin rahat hərəkət etməsi üçün xüsusi şərait nəzərdə tutulub. Hərəkət məhdudiyyətli şəxslərin suya və çimərlik ərazisindəki əsas məntəqələrə maneəsiz çıxışını təmin etmək məqsədilə xüsusi yollar və panduslar inşa edilib. Əraziyə ən yaxın dayanacaqda əlilliyi olan şəxslər üçün xüsusi parklanma yeri də ayrılıb. Çimərlik ərazisinə giriş və burada yaradılmış imkanlardan istifadə ödənişsizdir.

Digər fotolar
arrow-up