Kateqoriyalar
Sırala
ID 0149017

Müslüm Maqomayevin 84 illik yubileyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət olunub

Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda anım mərasimi keçirilib. Mərasimdə Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri sənətkarın məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. Mədəniyyət nazirinin müavini Səadət Yusifova Müslüm Maqomayevin irsinin bundan sonra da yaşayacağını bildirib. O, sənətkarın yaradıcılığının həm Azərbaycan, həm də dünya musiqi irsinin mühüm hissəsi olduğunu qeyd edib. Azərbaycanın Xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxış edərək Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O, sənətkarın xatirəsinə ucaldılmış abidənin heykəltəraşı olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov da Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüb. O, belə böyük sənətkarın Azərbaycan mədəniyyətində yetişməsi ilə fəxr etdiyini və Müslüm Maqomayevin daim insanların qəlbində yaşayacağını vurğulayıb. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir. Sənətkar bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək birinci yerə və “Qızıl val” mükafatına layiq görülüb. Rəhbərlik etdiyi simfonik orkestr ilə birlikdə keçmiş Sovet İttifaqının müxtəlif şəhərlərində, eləcə də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib. Müslüm Maqomayev 1964-cü ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə Xalq artisti, 1973-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın “Şöhrət”, 2002-ci ildə isə “İstiqlal” ordenləri ilə təltif olunub. Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib. Sənətkar Bakı şəhərində, Fəxri Xiyabanda dəfn olunub.

Teqlər
Digər fotolar
arrow-up