Kateqoriyalar
Sırala
ID 0149860

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə” mövzusunda keçirilən IV Beynəlxalq Konfrans

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir. Sentyabrın 2-3-də keçirilən konfrans “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 400-dən çox nümayəndə iştirak edir. Konfransın əsas məqsədi mina probleminin qlobal müstəvidə müzakirəsi, humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, mina təhlükəsindən azad edilmiş ərazilərin təhlükəsiz və dayanıqlı bərpası ilə bağlı təcrübə və innovativ yanaşmaların bölüşülməsidir. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib. ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa prosesində əldə etdiyi təcrübədən danışıb. O bildirib ki, mina probleminin həlli üçün beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi və innovativ yanaşmalar mühüm əhəmiyyət daşıyır. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Həyat Nəsər isə Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində fəaliyyətini və BMT ilə əməkdaşlığını vurğulayıb. O, mina probleminin qlobal məsuliyyət olduğunu və bu sahədə daha geniş tərəfdaşlığın vacibliyini qeyd edib. İki gün davam edəcək konfrans çərçivəsində humanitar minatəmizləmə, təhlükəsiz yaşayış məskənlərinin yaradılması, ərazilərin bərpası və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılacaq.

Digər fotolar
arrow-up