#prezident administrasiyası
Prezident Administrasiyası
Azərbaycan Respublikası Prezident Administrasiyası ölkə Prezidentinin konstitusiya səlahiyyətlərini həyata keçirməsini təmin edən, ona bilavasitə kömək edən dövlət orqanıdır. Prezidentin İstiqlaliyyət küçəsində yerləşən Prezident Sarayında fəaliyyət göstərən bu qurum Prezident tərəfindən təşkil edilir və rəhbəri təyin olunur. Administrasiya qanun layihələrinin, Prezidentin fərman, sərəncam və müraciətlərinin layihələrini hazırlayır. Əsas funksiyaları Prezidentin qəbul etdiyi sənədlərin yerinə yetirilməsinə nəzarət etmək, müvafiq məruzələr hazırlamaq, həmçinin ölkədə və dünyada baş verən siyasi, iqtisadi və hüquqi proseslər haqqında məlumatları təhlil edərək dövlət başçısına təqdim etməkdən ibarətdir. O, həmçinin Prezidentin respublikadaxili və beynəlxalq təşkilatlarla əlaqələrini də təmin edir. Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir, bilavasitə rəhbərliyi isə Administrasiyanın rəhbəri yerinə yetirir.