Kateqoriyalar
Sırala
ID 0150277

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsinin üçüncü günü

“İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir”, – bunu COP30-un icraçı direktoru, Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib. Açılış mərasimində çıxış edən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, iqlim dəyişiklikləri ilə mübarizə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. O, Azərbaycanın COP29-dan sonra da qlobal iqlim gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb. Ana Toni bildirib ki, hazırda əsas məqsədlərdən biri qəbul edilən iqlim öhdəliklərinin konkret həll yollarına və real icra mexanizmlərinə çevrilməsidir. Onun sözlərinə görə, bu istiqamətdə işlər sürətləndirilir: “Biz öhdəlikdən həll yoluna, həll yolundan isə icraya doğru irəliləyirik. Buna görə də COP30 çərçivəsində beşillik fəaliyyət planı təsdiqlənib. Hesab edirəm ki, bu, bütün proseslər üçün nümunəvidir”. COP30-un icraçı direktoru iqlim dəyişikliklərinin ərzaq təhlükəsizliyi ilə bağlı yeni suallar yaratdığını da qeyd edib. O vurğulayıb ki, dəyişən iqlim şəraitində iqlim gündəliyinin mütəmadi olaraq nəzərdən keçirilməsi və yenilənməsi vacibdir. Ana Toni Türkiyədə keçiriləcək COP31-ə də toxunaraq növbəti konfransın iqlim fəaliyyətinin davam etdirilməsi baxımından mühüm mərhələ olacağını bildirib: “Hesab edirik ki, COP31 çərçivəsində müxtəlif səviyyəli yeniliklərə də şahid olacağıq. Biz COP31-in iqlim fəaliyyətimizi Türkiyədə uğurla davam etdirəcəyimizə inanır, COP31-i sözügedən prosesdə mühüm mərhələ kimi görürük”. Bakıda sentyabrın 7-dən 11-dək keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində iqlim dəyişiklikləri ilə mübarizə, iqlim maliyyələşməsi və qəbul olunan qərarların real fəaliyyətə çevrilməsi məsələləri müzakirə olunur. Həftə ərzində dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, biznes və investorlar, alimlər, gənclər və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya gəlir. Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev beynəlxalq iqlim əməkdaşlığının əvvəlki illərlə müqayisədə daha mürəkkəb şəraitdə həyata keçirildiyini bildirib. O, ekstremal istilərin şəhərlərin dayanıqlığını sınağa çəkdiyini və COP qərarlarının real layihələrə çevrilməsinin vacibliyini vurğulayıb. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Azərbaycanın COP29-dan sonra da iqlim liderliyini davam etdirdiyini qeyd edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seraqeldin isə iqlim fəaliyyətinin maliyyələşdirilməsi üçün dünyada kifayət qədər kapitalın olduğunu, əsas məsələnin bu vəsaitin düzgün layihələrə və mexanizmlərə yönəldilməsi olduğunu deyib. COP31-in yüksəksəviyyəli iqlim çempionunun baş müşaviri Kristian Mensa əldə olunan iqlim nəticələrinin növbəti COP-ları gözləmədən həyata keçirildiyinin vacibliyini bildirib. COP29-un İqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai isə əsas məsələlərdən birinin iqlim maliyyəsinin fermerlərə və həssas icmalara çatdırılması olduğunu vurğulayıb.

Digər fotolar
arrow-up