Kateqoriyalar
Sırala
ID 0150298

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsinin dördüncü günü

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsinin dördüncü günü binaların enerji səmərəliliyi və dekarbonizasiyası ilə bağlı müzakirələr aparılıb. Tədbirdə bu sahədə maliyyələşdirmənin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. COP31 Sədrliyi 2035-ci ilə qədər binaların enerji intensivliyinin 2025-ci il baza göstəricisi ilə müqayisədə ən azı 20 faiz azaldılmasını təklif edir. Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Departamentinin nümayəndəsi Sebastien Salter bildirib ki, ölkədə evlərin enerji yenilənməsi üçün 1 milyard dollarlıq fond yaradılıb. O qeyd edib ki, subsidiyalar və sıfır faizli kreditlərlə yanaşı, enerji reytinqləri də səmərəliliyin artırılmasına kömək edir. “Enerji reytinqləri və məlumatların açıqlanması Avstraliyada enerji intensivliyinin azaldılmasını izləmək və stimullaşdırmaq baxımından çox uğurlu olub. İnsanlar daha yaxşı məlumata malik olduqda, enerji səmərəliliyi təkmilləşdirmələrinə maraq kifayət qədər böyük olur”, - deyə Salter bildirib. UNEP-in nümayəndəsi Ariesta Ninqrum bildirib ki, təşkilat və GlobalABC Türkiyənin COP31 çərçivəsində binaların dekarbonizasiyası prioritetini, o cümlədən Binalar üzrə Antalya Paktı üzərində işini dəstəkləyəcək. “COP31 sədrliyi binaların dekarbonizasiyasını və dayanıqlılığını özünün 10 prioriteti sırasına daxil edib”, - Ninqrum deyib. Türkiyədə isə binaların enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üçün rəqəmsal monitorinq və “yaşıl sertifikatlaşdırma” sistemləri tətbiq edilir. BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndəsi Dmitri Mariyasin vurğulayıb ki, tikinti sektorunda transformasiya yalnız ayrı-ayrı binaları deyil, bütün dəyər zəncirini əhatə etməlidir. O, enerji səmərəliliyi ilə yanaşı, tikinti materiallarında təcəssüm olunmuş karbonun hesablanmasının və sektorlararası koordinasiyanın vacibliyini qeyd edib.

Digər fotolar
arrow-up