Kateqoriyalar
Sırala
ID 0150674

Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına ödənişsiz giriş

Bu gündən etibarən Bakı metrosunun “Avtovağzal” və “Xocəsən” stansiyalarına giriş pulsuzdur. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qərar sərnişin axınının optimallaşdırılması və nəqliyyat sıxlığının azaldılması məqsədilə qəbul edilib. Onun sözlərinə görə, “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin ödənişsiz olması sərnişinlərin hərəkət rahatlığının artırılmasına və sərnişin axınının müxtəlif istiqamətlər üzrə daha optimal bölüşdürülməsinə xidmət edir. Paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt-Xırdalan xətti, eləcə də Şamaxı-Bakı yolu olduğundan, bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönləndirilməsi “20 Yanvar” stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına təsir göstərə bilər. Bəxtiyar Məmmədov qeyd edib ki, yerüstü nəqliyyatda sıxlıq müşahidə olunduğu halda, metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda “yaşıl xətt” üzrə sərnişin sayında 50 faizdən çox, “bənövşəyi xətt” üzrə isə 35-40 faiz arasında azalma qeydə alınır. Onun sözlərinə görə, sərnişin axınının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi mövcud disbalansın aradan qaldırılmasına müsbət təsir göstərə bilər.

Teqlər
Digər fotolar
arrow-up