Kateqoriyalar
Sırala
ID 0150724

"Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib

"Global Media Group" və "Report" İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib. Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir. Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür. 44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur. "Vətən daşı" filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb. Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir. "Nizami" Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı filmin ideyası, yaranma tarixi və cəmiyyətə ötürdüyü mesajlar barədə məlumat verilib. Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir. "Global Media Group" haqqında daha ətraflı məlumatı www.gmg.az veb-saytı və şirkətin sosial media səhifələrindən (Facebook | Instagram | LinkedIn | YouTube) əldə edə bilərsiniz.

Digər fotolar
arrow-up