Kateqoriyalar
Sırala
ID 0151567

Xocavənddə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimi

Oktyabrın 1-də Xocavənd rayonunda yerləşən Qızılqaya təlim mərkəzində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub. Tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, yüksək vəzifəli şəxslər, yerli və xarici media nümayəndələri iştirak ediblər. Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, hərbi texnika, pilotsuz sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar. “Birliyin Gücü – 2026” birgə hərbi təliminə 3500-dən çox hərbi qulluqçu cəlb edilib. Təlimdə 135-dən çox pilotsuz vasitə, 80-ə yaxın zirehli texnika, 90-dan çox artilleriya sistemi, 30-a yaxın aviasiya vasitəsi, 30-dan çox radioelektron mübarizə, radioelektron kəşfiyyat və radiolokasiya sistemi, 20-yə yaxın hava hücumundan müdafiə vasitəsi, 8 dəstdən çox mühəndis texnikası və 30-a yaxın dəniz vasitəsindən istifadə olunub. Təlim azad edilmiş ərazilərdə bu miqyasda keçirilən ilk hərbi təlim kimi qiymətləndirilib. Təlim zamanı müasir döyüş şəraitinin və hibrid müharibələrin xüsusiyyətləri nümayiş etdirilib. Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edib. İran, Slovakiya, Qırğızıstan, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri isə müşahidəçi qismində təlimə qatılıb. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər təlim zamanı bildirib ki, Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” təlimi uğurla başa çatıb. O, gələcəkdə digər türk dövlətlərinin də bu cür təlimlərə qoşulmasının mümkünlüyünü qeyd edib. Yaşar Gülər “Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq” deyərək, bölgədəki vəziyyət nəzərə alınmaqla hərbi hazırlığın ən yüksək səviyyədə təmin edilməsinin vacibliyini vurğulayıb.

Digər fotolar
arrow-up