Kateqoriyalar
Sırala
ID 0151963

Misgərlik ustası Kəbləmi Əliyev

Kəbləmi Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində fəaliyyət göstərən və qədim misgərlik sənətini yaşadan tanınmış sənətkarlardan biridir. Tarixən misgərliklə tanınan Lahıcda bu sənət əsrlər boyu nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatıb. Lahıcın misgərlik sənəti 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Ata-babalarından miras qalan misgərlik sənətini bu gün də davam etdirən Kəbləmi Əliyev Lahıcda öz emalatxanasında misdən müxtəlif bəzək və məişət əşyaları hazırlayır. Sənətkarın hazırladığı qablar, sini, dolça, qazan və digər mis məmulatları həm ənənəvi formaları, həm də üzərindəki naxışlarla seçilir. Misgərlikdə əsas mərhələlərdən biri mis lövhənin döyülərək formaya salınması, daha sonra isə onun üzərində müxtəlif naxışların işlənməsidir. Kəbləmi Əliyev bu sənətin yalnız bir peşə deyil, həm də ailədən gələn bir ənənə olduğunu bildirir. O, misgərlik sənətinin sirlərini öz oğluna da öyrədir və bununla qədim sənətin gələcək nəsillərə ötürülməsinə töhfə verir. Əliyev Kəbləmi qeyd edir: “Lahıcda yaşayan və nəslində misgər, qalayçı olmayan bir insan tapmaq mümkün deyil. Babalarımdan miras qalmış bu sənətə böyük həvəslə yiyələnmişəm. Hazırda sənətin sirlərini öz oğluma da öyrədirəm”. Kəbləmi Əliyevin hazırladığı mis məmulatları Lahıca gələn yerli və xarici turistlərin də marağına səbəb olur. Sənətkarın emalatxanası qəsəbənin qədim sənətkarlıq ənənələri ilə tanış olmaq istəyən ziyarətçilər üçün həm istehsal, həm də canlı sənət nümunələrinin nümayiş olunduğu məkanlardan biridir.

Digər fotolar
arrow-up