Kateqoriyalar
Sırala
ID 0152228

Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyası

Əsrlərin izlərini daşıyan tarixi əşyalar keçmişlə bu gün arasında körpü yaradır. Bəs zamanın təsirindən zədələnən, rəngi solan və ilkin görünüşünü itirən eksponatlar necə qorunur? Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyası nadir nümunələrin gələcək nəsillərə çatdırılması üçün mühüm işlər görür. Muzey eksponatlarının bərpası onun yarandığı ilk dövrlərdən həyata keçirilir. Əvvəlcə bu işlər əsasən arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntıları əhatə edirdi. Kolleksiyanın zənginləşməsi isə müxtəlif materiallar üzrə ixtisaslaşmış bərpaçı-mütəxəssislərə ehtiyac yaratdı. Laboratoriyanın əməkdaşları eksponatların vəziyyətini qiymətləndirir, zədələnmə səbəblərini araşdırır və uyğun bərpa üsullarını tətbiq edirlər. Hazırda burada metal, keramika, ağac, tekstil, o cümlədən xalça və tikmə, həmçinin boyakarlıq və qrafika üzrə ixtisaslaşmış 13 əməkdaş çalışır. Onların əksəriyyəti çoxillik təcrübəyə və müvafiq təhsilə malikdir. Mütəxəssislər yeni elmi nəşrləri izləyir, qabaqcıl bərpa və konservasiya üsullarını işlərində tətbiq edirlər. Laboratoriyanın fəaliyyəti 2010-cu ildə muzeydə keçirilən “Muzey eksponatlarının ikinci həyatı” adlı sərgidə də nümayiş olunub. Sərgi bərpaçıların əməyini və tarixi əşyaların qorunması prosesini ictimaiyyətə təqdim edib. Bərpa və konservasiya işləri eksponatların qorunması ilə yanaşı, Azərbaycanın tarixi-mədəni irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Digər fotolar
arrow-up