Kateqoriyalar
Sırala
ID 0152608

Fövqəladə Hallar Nazirliyinin Ağdama təşkil etdiyi mediatur

Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam rayonunda təşkil etdiyi mediatur çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları barədə məlumat verilib. Mediatur iştirakçıları ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesində istifadə olunan müasir texnika və avadanlıqlarla, eləcə də əməliyyatların həyata keçirilməsi qaydaları ilə tanış olublar. Qeyd olunub ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini intensiv şəkildə davam etdirir. Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub. Əməliyyatlar müəyyən edilmiş istiqamətlər üzrə kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında, eləcə də su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonu ərazisində minatəmizləmə işləri intensiv şəkildə davam etdirilir. Bildirilib ki, minatəmizləmə əməliyyatlarına cəlb olunan şəxsi heyət müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı məsafədən idarə olunan minatəmizləyən robotlarla təchiz edilib. Əməkdaşlar bu sahə üzrə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. Həyata keçirilən tədbirlər azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsinə, ərazilərin məskunlaşma üçün hazırlanmasına və bərpa-quruculuq işlərinin davam etdirilməsinə xidmət edir.

Teqlər
Digər fotolar
arrow-up