Kateqoriyalar
Sırala
ID 0152760

“Minəcik” karvansarayında xəlvətə çəkilən dərviş

Dərvişlik – təsəvvüf ənənəsindən doğan mənəvi bir yaşam yoludur. Bu yolun kökləri VIII–IX əsrlərdə zahidlik hərəkatının yayılmasına dayanır. Dərvişlər dünya malına bağlanmamağı, nəfsi tərbiyə etməyi, ruhən kamilləşib Allaha yaxınlaşmağı əsas qayə sayırdılar. Əbədiyyətin qaranlıq qucağında zaman və məkan nədir ki? Varlıq – unudulmaq dumanına bürünmüş müvəqqəti bir titrəyişdir. Dərviş gözlərini yumduqca, kainat insanın içində bükülmüş bir kitab kimi açılır, dünya bir zərrə kimi yoxluğa yuvarlanır. Bu, maddi aləmin yox oluşudur. O, əvvəlcə torpaqdan olan bədənini, sonra üzünün cizgilərini, ən sonunda isə adının dünyəvi yükünü unudur. Bədənin dar çərçivəsindən azad olan nəfəs göylərin sükutunda qanad çalan görünməz bir quşa çevrilir. Lakin ruhun ən uca zirvəsində belə, özünü müqəddəs geyimdə gizlədən başqa bir nəfs kölgəsi pusquda gözləyir. Dərviş anlayır ki, ən təhlükəli iblis qaranlıq mağaralarda deyil, insanın öz daxilində ucaltdığı ilahi taxtda oturur… Fənafillah (Haqqda ərimək) alovu canı saranda nə göyün, nə də yerin surəti qalır. Dərviş yandırdığı bütün “mən”lərinin külü üzərində, məkansızlığın tən ortasında dayanır. O, kamilliyin sirrini anladı: kamil olmaq göylərə uçmaq, öz xəyalını həqiqət sanmaq deyil; içindəki şeytanı mələk adlandırmadan, öz yoxluğunda O-na çevrilməkdir, aydınlanmaqdır, sonsuz işıq olmaqdır…
Dərviş obrazını canlandıran Əməkdar artist Bəhruz Vaqifoğludur.

Digər fotolar
arrow-up