Şəki Xan Sarayı
Şəki xan sarayı, digər adı ilə Məhəmmədhəsən xan divanxanası, Şəki şəhərində, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən beynəlxalq əhəmiyyətli tarixi-mədəniyyət abidəsidir. Şəki xanlığının keçmiş divanxanası olan bina hazırda muzey kimi fəaliyyət göstərir. Sarayın tikintisinə 1789–1790-cı illərdə başlanılıb. Şəhərin şimal-şərq hissəsində yerləşən tikili qala divarları ilə əhatə olunub. İkimərtəbəli saray 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Ümumi sahəsi 300 kvadratmetr olan binanın cənub fasadı həndəsi və nəbati oyma naxışlarla bəzədilib. Sarayın bütün pəncərələri rəngli şüşələrdən hazırlanmış şəbəkələrlə tamamlanıb. Memarlığında ənənəvi Azərbaycan yaşayış evlərinə xas xüsusiyyətlər də əksini tapıb. Şəki xan sarayı XVIII əsr Qafqaz saray memarlığının seçilən nümunələrindən və İslam Şərqinin memarlıq incilərindən biri hesab olunur. 7 sentyabr 2019-cu ildə Şəkinin tarixi mərkəzi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
