Kateqoriyalar
Sırala
ID 0154462

Bakıda keçirilən Xüsusi Olimpiya proqramı – Avropa badminton yarışının açılış mərasimi

Noyabrın 19-da Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Xüsusi Olimpiya Avropa Badminton Turniri - Bakı 2026-nın açılış mərasimi keçirilib. Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, iştirakçı ölkələrin paradı keçirilib və “Ümid Məşəli” alovlandırılıb. Avropa və Avrasiya regionunun 18 ölkəsindən 100-dən çox idmançı və nümayəndə heyətinin qatıldığı turnir noyabrın 21-dək davam edəcək. Yarışın məqsədi xüsusi qayğıya ehtiyacı olan idmançıların bacarıqlarını nümayiş etdirmələri üçün beynəlxalq platforma yaratmaq, inklüziv idmanın inkişafına, dostluq və həmrəyliyin möhkəmlənməsinə töhfə verməkdir. Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsindən və inklüziv idmanın əhəmiyyətindən danışıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsində idmanın rolunu vurğulayıb. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin beynəlxalq yarışa ev sahibliyi etməsini əlamətdar hadisə kimi qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb. Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Bakının bu yarışa ilk dəfə ev sahibliyi etməsinin Azərbaycanın inklüziv idmanın inkişafına verdiyi önəmi göstərdiyini bildirib. O, Azərbaycanda Xüsusi Olimpiya Hərəkatının 1990-cı ildən fəaliyyət göstərdiyini və bu müddətdə minlərlə şəxsin idmana cəlb olunduğunu qeyd edib. Xüsusi Olimpiya Avropa-Avrasiya regionunun rəhbəri Sven Albrext tədbirin təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə turnirin badmintonun inklüziv idman mühitində inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib. Üç gün davam edəcək yarışda idmançılar badminton üzrə müxtəlif kateqoriyalarda mübarizə aparacaqlar.

Digər fotolar
icon
arrow-up