Kateqoriyalar
Sırala
ID 0154546

“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə

“Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü təşkil olunub. Milli geyimdə, at üstündə keçirilən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və öz köklərinə bağlı obrazını nümayiş etdirib. Yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılzadənin, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları, eləcə də dövlət qurumlarının nümayəndələri və ictimai fəal xanımlar iştirak ediblər. Layihənin əsas məqsədi şəhid övladlarına mənəvi dəstək göstərmək, onların daim diqqət və qayğı ilə əhatə olunduqlarını hiss etdirmək, eyni zamanda milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan qadınının tarixi obrazını yaşatmaqdır. Milli geyimdə, at belində canlandırılan Azərbaycan qadını obrazı yürüşün ideya və mahiyyətini özündə birləşdirib. Bu mənzərə həm tariximizə, həm də xalqımızın qəhrəmanlıq ənənələrinə ehtiramın ifadəsi olub. Layihənin rəhbəri, xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər xanımın kötücəsi Həcər Əkbərova bildirib ki, bu təşəbbüs şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyimizə, tariximizə və köklərimizə bağlılığı ifadə edir. “Kökümüzə Qayıdış” sadəcə bir yürüş deyil, tariximizə, milli dəyərlərimizə və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın rəmzidir. Bu təşəbbüs şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin yaşadılmasına, birlik, sevgi və milli ruhun gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Digər fotolar
arrow-up