Ceyhun Bayramov və Antonio Tayaninin birgə mətbuat konfransı
Noyabrın 23-ü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə italiyalı həmkarı Antonio Tayani arasında mətbuat konfransı keçirilib. Tədbir çərçivəsində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, enerji, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Aİ arasında Xəzər dənizi, Qara dəniz elektrik kabel layihəsi icra edilməkdədir. Nazir qeyd edib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Hazırda Azərbaycan və İtaliya arasında 65 sənəd imzalanıb, daha 20-yə yaxın sənəd üzərində iş aparılır. Ceyhun Bayramov İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollar, 2026-cı ilin ilk doqquz ayında isə 9 milyard dollar təşkil edib. Nazir işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni obyektlərin bərpası istiqamətində İtaliya şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. O, Azərbaycan-İtaliya Universitetində 640 tələbənin təhsil aldığını, səkkiz bakalavr və iki magistr proqramının həyata keçirildiyini bildirib. İtaliyanın xarici işlər naziri Antonio Tayani isə ölkəsinin dövlət və özəl şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Bakıda keçirilən biznes forumun mühüm nəticələr verəcəyinə ümidvar olduğunu deyib. İtaliyalı nazir Bakı ilə İrəvan arasında sülhün Cənubi Qafqazda sabitliyin göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, İtaliya hər zaman, o cümlədən minatəmizləmə məsələlərində Azərbaycanın yanındadır. İtaliyanın XİN rəhbəri Antonio Tayani Romanın Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafını dəstəklədiyini bildirib. Səfər çərçivəsində Şəhidlər xiyabanını ziyarət edən Antonio Tayani 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsini yad edib. O, həmçinin İtaliyanın Azərbaycanda memarlığın inkişafına və gənc dizaynerlərin hazırlanmasına dəstək göstərməyə hazır olduğunu açıqlayıb.
