“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” konfransı
Bakıda “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə qadınların ictimai-siyasi həyatda və qərar qəbuletmə prosesində iştirakı, erkən evliliklə mübarizə, qadın hüquqlarının müdafiəsi, eləcə də dini maarifləndirmədə qadınların rolu müzakirə olunub. Vətəndaş cəmiyyətinin inkişafında qadınların qərar qəbuletmə prosesində iştirakı mühüm əhəmiyyət daşıyır. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qadınların dövlət qulluğunda, rəhbər vəzifələrdə, yerli və milli səviyyəli seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, məhkəmə-hüquq sistemində və mediada təmsilçiliyi artır. Bahar Muradova qadınlara qarşı zorakılığın, erkən evliliklərin və zərərli adətlərin qarşısının alınmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər edilib, müxtəlif layihələr və mexanizmlər həyata keçirilir. Komitə sədri erkən evliliyin qızların təhsil, sağlamlıq və şəxsi inkişaf imkanlarını məhdudlaşdırdığını diqqətə çatdırıb. Hər bir qızın təhlükəsiz mühitdə böyümək, təhsil almaq və gələcəyini sərbəst müəyyənləşdirmək hüququnun olduğunu bildirib. Bu istiqamətdə din xadimlərinin və dini qurumların da mühüm rol oynaya biləcəyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə dini biliklərin düzgün mənimsənilməsi, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsində qadınların roluna diqqət çəkib. O bildirib ki, ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolu əvəzsizdir. Bu səbəbdən maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və qadınların elmi əsaslara söykənən dini təhsil imkanlarının artırılması vacibdir. Ramin Məmmədov dini məsələlərə elmi yanaşmanın və müxtəlif dini-fəlsəfi baxışları təhlil etmək bacarığının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, bu baxımdan İlahiyyat İnstitutunun fəaliyyətini nümunə göstərib.
