Kateqoriyalar
Sırala
ID 0154870

Buzovna qəsəbəsində yerləşən XII əsrə aid "Əli ayağı" ziyarətgahı

“Əli ayağı” məscid-ziyarətgah kompleksi Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşir. Rəvayətə görə, ziyarətgahın əsası XII əsrin sonlarında qoyulub. İnanca əsasən, burada yerləşən qayanın üzərində İslam tarixinin mühüm şəxsiyyətlərindən biri, dördüncü Raşidi xəlifəsi Həzrət Əli ibn Əbu Talibin (ə) ayaq izi qalıb. İnsanlar bu izi müqəddəs hesab edərək həmin ərazini ziyarət etməyə başlayıblar. 1861-ci ildə on kənd ağsaqqalının şahidliyi əsasında ziyarətgah çar canişini tərəfindən “Əli ayağı” adı ilə rəsmi qeydiyyata alınıb. Sovet hakimiyyəti dövründə kompleksin bir neçə dəfə sökülməsinə cəhd göstərilsə də, yerli sakinlərin müqaviməti nəticəsində bu təşəbbüslərin qarşısı alınıb. 1987-ci ildə yerli əhalinin təşəbbüsü ilə ziyarətgahda bərpa və yenidənqurma işlərinə başlanılıb. Bu məqsədlə buzovnalı Məşədi Arif Əhməd oğlu müqəddəs məkanın şeyxi təyin edilib. Onun və xeyirxah insanların dəstəyi ilə ərazidə məscid, zəvvarlar üçün yataq otaqları, mətbəx, dərs otaqları, zəngin kitabxana, qaraj, qadınlar və kişilər üçün dəstəmazxanalar, eləcə də digər zəruri xidmət sahələri yaradılıb. Hazırda kompleks Həzrət Əlinin (ə) ayaq izinin qorunduğu qədəmgahdan və məsciddən ibarətdir. Bura həm dini ibadət, həm də ziyarət məqsədilə gələn insanların üz tutduğu məkanlardan biridir.

Digər fotolar
arrow-up