#amira süleyman
Amira Süleyman
Süleyman Amira Nəcəf qızı müasir Azərbaycan fotoqrafiyasının tanınmış simalarından biri və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədridir. 1985-ci ildə Bakının Əmircan kəndində anadan olan Amira Süleyman peşəkar fotoqrafiya fəaliyyətinə 2004-cü ildə başlamışdır. O, 2010-cu ildən AFB-nin üzvü, 2023-cü ildən isə birliyin sədri kimi fəaliyyət göstərir.
Onun rəhbərliyi dövründə qurumun 25 illik yubileyi qeyd olunmuş, ölkə daxilində və xaricdə Azərbaycan foto sənətinin təbliği istiqamətində mühüm addımlar atılmışdır. Amira Süleymanın təşəbbüsü ilə "Visit Gəncə", "Sehrli Ordubad" kimi turizm və mədəniyyət potensialını əks etdirən genişmiqyaslı foto layihələr və sərgilər təşkil edilib. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın, Füzuli və Kəlbəcərdə həyata keçirilən sənədli foto layihələrin iştirakçısıdır. Ankara və Bursada ixtisaslaşmış təhsil alan mütəxəssis kimi o, gənc nəslin bu sahəyə marağının artırılması və yerli fotoqrafiya məktəbinin inkişafı üçün fəal iş aparır.