#barat yusubov
Barat Yusubov
Dr. Barat Vəliş oğlu Yusubov Azərbaycanın ən böyük tibb müəssisələrindən olan "Yeni Klinika"nın direktoru vəzifəsini icra edir. O, bu vəzifəyə 2023-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təqdimatı ilə təyin edilmişdir.
Barat Yusubov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, daha sonra M.Ə.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Nefrologiya ixtisası üzrə internatura təhsili almışdır. O, tibb sahəsində geniş və çoxşaxəli təcrübəyə malikdir. Uzun illər həkim-nefroloq kimi fəaliyyət göstərmiş, Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində və Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində çalışmışdır.
Rəhbərlik sahəsində də əhəmiyyətli təcrübə qazanmışdır. Belə ki, o, "Avrasiya Klinika"sının və "Medistyle Hospital"ın baş həkimi kimi fəaliyyət göstərmişdir. Həmçinin, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Hemodializ şöbəsinin müdiri və III Daxili xəstəliklər kafedrasının assistenti olmuşdur. B. Yusubov tibbi cəmiyyətlərin aktiv üzvü olaraq 2018-ci ildə Azərbaycan Nefroloqlar Cəmiyyətini, 2022-ci ildə isə Azərbaycan Daxili Xəstəliklər Dərnəyini təsis etmişdir.
"Yeni Klinika" rəhbəri olaraq onun əsas hədəflərindən biri icbari tibbi sığorta sistemi ilə fəaliyyət göstərən bu müəssisədə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını daha da yüksəltməkdir. Barat Yusubovun nefroloq kimi təcrübəsi və inzibati rəhbərlik bacarığı "Yeni Klinika"nın ölkə səhiyyəsindəki mövqeyini möhkəmləndirməyə xidmət edir. O, humanist addımı ilə, bütün orqanlarını könüllü olaraq bağışlamışdır.