#cidc 2025
CİDC 2025
Azərbaycanın rəqəmsal təhlükəsizlik strategiyasında kritik infrastrukturların qorunması mühüm yer tutur. Bu strateji hədəfin reallaşdırılmasına xidmət edən əsas tədbirlərdən biri də "Critical Infrastructure Defence Challenge 2025" (CIDC 2025) kibertəhlükəsizlik festivalıdır.
Festival Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilir. CIDC 2025 rəqəmsal sabitlik, süni intellektin tətbiqi və kritik infrastrukturun müdafiəsi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına, həmçinin dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə platforma yaradır.
Tədbir sərgi, konfrans və peşəkar yarışma formatlarını özündə birləşdirir. Festivala minlərlə ziyarətçi, 900-dən çox təlim iştirakçısı və 50-dən çox komanda qatılır.
Tədbirin əsas diqqət mərkəzində "Ağıllı şəhərlərdə kibermüharibə" simulyasiya yarışı dayanır. Bu yarışda yerli və xarici komandalar ("Ağıllı şəhər" konsepsiyası) virtual mühitdə real kiberhücum ssenarilərinə qarşı müdafiə bacarıqlarını nümayiş etdirirlər.
Həmçinin, konfrans hissəsində kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən təqdimatlar və panel müzakirələri aparılır. "Hack The Future 2" proqramı çərçivəsində isə ixtisaslaşmış pulsuz təlimlər təşkil edilir. CIDC 2025 milli kibertəhlükəsizlik potensialının inkişafı və kritik informasiya infrastrukturunun etibarlı müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir.