#dövlət bayrağı muzeyi
Dövlət Bayrağı Muzeyi
Dövlət Bayrağı Muzeyi Azərbaycanın paytaxtı Bakı şəhərində, Dövlət Bayrağı Meydanında yerləşən, xalqımızın zəngin dövlətçilik tarixini əks etdirən mühüm mədəniyyət ocağıdır . Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış muzey, Dövlət Bayrağı Günündə – 9 noyabr 2010-cu ildə açılmışdır.
Muzeyin binası Prezidentin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında inşa edilmiş və Meydandakı nəhəng bayraq dirəyinin pyedestalının altında yerləşdirilmişdir. Bu forma Azərbaycan memarlığı və rəmzləri üçün xarakterikdir. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bərpa olunmuş bayraqları, gerblər, XVII-XVIII əsrlərə aid bayraq uc elementləri, Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycan SSR-ə və müstəqillik dövrünə aid konstitusiyalar, poçt markaları, pul nişanları, orden və medallar nümayiş etdirilir.
Ekspozisiya həmçinin Azərbaycanın müstəqillik yolunu, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən çoxsaylı foto və sənədləri əhatə edir. Muzeyin kolleksiyasında 431 eksponat var. Yenilənmiş muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı xüsusi ekspozisiya zalı da yaradılmışdır. Muzey milli qürurun və tarixin təbliğində əvəzsiz rol oynayır.