#fərid əhmədov
Fərid Əhmədov
Fərid Turab oğlu Əhmədov 1979-cu il iyulun 14-də Bakı şəhərində anadan olub. O, ixtisasca hüquqşünasdır. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. Daha sonra "British Chevening" təqaüdü ilə Böyük Britaniyanın Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə ikinci magistr dərəcəsi alıb.
Hüquq elmləri üzrə fəlsəfə doktoru olan Fərid Əhmədov 2016-cı ildə İngiltərənin Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini də almışdır. O, karyerası ərzində Konstitusiya Məhkəməsində və Milli Məclis Aparatında məsləhətçi vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Universitetinin rektoru (2015-2017) və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktor müavini olub.
2022-ci ilin may ayından 2024-cü ilin fevralına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsini icra edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Ədliyyə naziri təyin olunub.