#güntay hüseynli
Güntay Hüseynli
Güntay Hüseynli incəsənətə şəxsi düşüncələrini və daxili dünyasını ifadə etməyin təsirli yolu kimi baxan gənc və istedadlı heykəltəraşdır. O, 2009-cu ildən bu sahədə peşəkar fəaliyyət göstərir. Tanınmış rəssam Vaqif Ucatayın oğlu olan Güntay, uşaqlıqdan etibarən incəsənət mühitində böyüyərək yaradıcılıq dünyagörüşünü və estetik zövqünü inkişaf etdirmişdir.
Heykəltəraş təhsilini əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində, daha sonra isə eyni Akademiyada almışdır. Hazırda o, sahəsi üzrə magistratura təhsilini davam etdirir. Yaradıcılığa böyük həvəslə yanaşan Güntay Hüseynli gününün böyük hissəsini öz emalatxanasında keçirir.
Bu günə qədər 40-a yaxın yaradıcı kompozisiyanın müəllifi olan sənətkarın əsərləri klassik heykəltəraşlıq ənənələrini özündə əks etdirir, eyni zamanda müasir sənət axtarışlarına da söykənir. Onun yaradıcılığı fərdi üslubu və ifadəliyi ilə seçilir.