#leyla əliyeva
Leyla Əliyeva
Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. Azərbaycanın tanınmış ictimai xadimi, şairə və ekoloji fəaldır. Bakıda orta təhsilini bitirdikdən sonra Avropa Biznes Məktəbinə daxil olub, daha sonra isə 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb. O, 2010-cu ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub.
Leyla Əliyevanın fəaliyyətində Heydər Əliyev Fondu mühüm yer tutur. O, 2007-ci ilin may ayından Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə vitse-prezidenti vəzifəsini icra edir. Həmçinin, 2007-ci ilin dekabrında Moskvada nəşrə başlayan “Baku” jurnalının təsisçisi və baş redaktorudur; jurnalın ingilis dilli versiyası 2011-ci ildə Londonda təqdim olunub.
Onun beynəlxalq və ictimai təşəbbüsləri sırasında 2008-ci ilin mayında start götürmüş “Xocalıya Ədalət” kampaniyası xüsusi qeyd olunmalıdır. Bu kampaniya Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Leyla Əliyeva, eyni zamanda, 2008-ci ilin may ayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru, 2009-cu ildən isə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri (daha sonra fəxri sədri) olub.
Ekoloji fəallıq onun həyatının önəmli bir hissəsidir. 2011-ci ilin iyulunda Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb. Bu birlik ətraf mühitin qorunması və ekoloji maarifləndirmə sahəsində fəaliyyət göstərir.
Leyla Əliyeva xalqlar arasında dostluğun möhkəmləndirilməsi, Azərbaycan diasporunun inkişafı və digər xidmətlərinə görə 2011-ci ildə “Tərəqqi” medalı, 2015-ci ildə Rusiya Federasiyasının "Puşkin" medalı və bir sıra digər beynəlxalq mükafatlara layiq görülüb. 2015-ci ilin may ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı səfiri adına layiq görülüb. O, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun "Xidmətlərə görə" medalı ilə təltif edilib.