Kateqoriyalar
Sırala

#şəki

Şəki

Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ən qədim şəhərlərdən biridir. Təxminən 2.43 min km² ərazini əhatə edən bu regionun tarixi kökləri eramızdan əvvəl VI əsrə, Qafqaz Albaniyası dövrünə qədər uzanır. Şəhərin adı bölgədə məskunlaşan qədim sak tayfaları ilə əlaqələndirilir. Şəki I əsrdə Qafqaz Albaniyasının əsas mərkəzlərindən biri olmuş, ərazisində Şərq kilsələrinin anası sayılan məşhur Kiş Alban məbədi yerləşmişdir . Orta əsrlərdə şəhər əvvəlcə Şaki, Şəka adları ilə tanınsa da, sonralar uzun müddət Nuxa adı ilə yaşayıb. 1743-cü ildə yaranan Şəki Xanlığı dövründə Nuxa xanlığın mərkəzinə çevrilmiş, ipəkçilik və ticarət sayəsində böyük şöhrət qazanmışdır. Şəkinin qədim hissəsini əhatə edən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu, xüsusilə XVIII əsrə aid Şəki Xan Sarayı və tarixi mərkəzi 2019-cu ildən UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Şəkinin iqtisadiyyatında tarixən ipəkçilik, fındıqçılıq və kənd təsərrüfatı üstünlük təşkil edib. Zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri, o cümlədən məşhur Şəki halvası və piti kimi milli mətbəx nümunələri ilə tanınır. Şəki həm də sənətkarlığın, xüsusən də şəbəkə sənətinin inkişaf etdiyi bir məkandır. Bol su ehtiyatları və münbit torpaqları sayəsində region, həm də mühüm turizm mərkəzinə çevrilib.
arrow-up